Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Cavadi Amulinin həftəlik əxlaq dərsi bu gün, çərşənbə günü 4 noyabr 2026-cı il tarixində həzrət Məsumənin (s.ə) müqəddəs hərəmində yerləşən "Məscidül-əzəm" məscidində cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Ayətullah üzma Cavadi Amuli dərsin əvvəlində 4 noyabr (13 aban) hadisələrinin ildönümü münasibətilə çıxış edib. O həmin günün şəhidlərinin xatirəsini ehtiramla yad edib. O, bu əlamətdar günlə bağlı tarixi hadisələrə toxunaraq İslam İnqilabının şəhidləri, xüsusilə 13 aban şəhidlərinin, eləcə də son dövrdə şəhid olmuş şəxslərin ruhuna rəhmət oxuyub və uca Allahdan onların Kərbəla şəhidləri ilə birlikdə məhşur edilməsini diləyib. Ayətullah üzma Cavadi Amuli bu dərsdə Əmirəl-möminin İmam Əlinin (ə) Allah övliyalarının xüsusiyyətləri ilə bağlı nurani kəlamlarına toxunaraq bildirib: Allah övliyaları özləri Quranı əsas götürən, eyni zamanda cəmiyyəti də Quran prinsipləri əsasında istiqamətləndirən şəxslərdir. O, hövzə və universitet nümayəndələrinin əsas vəzifəsinin Quran əsasında qiyam etmək, vəhy maarifini elmi fəaliyyətin və əməli həyatın əsas meyarına çevirmək olduğunu vurğulayaraq bildirib: Əmirəl-möminin İmam Əli (ə) Allah övliyaları haqqında buyurur:
«بِهِمْ عُلِمَ الْكِتَابُ وَ بِهِ عَلِمُوا، وَ بِهِمْ قَامَ الْكِتَابُ وَ بِهِ قَامُوا»
Tərcüməsi: Allah övliyalarının vasitəsilə kitab tanınır və dərk edilir, onlar da kitab vasitəsilə elmə yiyələnirlər. Kitab onların vasitəsilə diri qalır, onlar da kitab əsasında diri qalırlar.
Mədrəsə və universitet cəmiyyətdə Quran mərkəzli düşüncənin formalaşdırılmasına görə məsuliyyət daşıyır
Ayətullah üzma Cavadi Amuli Quranın cəmiyyətin elmi fəaliyyətinin və ictimai hərəkətinin əsas mərkəzində dayanmalı olduğunu vurğulayaraq bildirib: Əgər Quran cəmiyyətdə elmin əsas meyarına çevrilməlidirsə, bu sahədə mədrəsə və universitet məsuliyyət daşıyır. Əgər Quran cəmiyyətin qiyamının və ictimai hərəkətinin əsasını təşkil etməlidirsə, bu halda da mədrəsə və universitet məsuliyyət daşıyır. Hərçənd, hamımız məsuliyyət daşıyırıq, lakin bu sahədə əsas məsuliyyət alimlərin, elmi hövzə və universitet nümayəndələrinin üzərinə düşür”. O, kitabın elminin alimlər və elmi ictimaiyyət vasitəsilə gerçəkləşdiyinə diqqət çəkərək əlavə edib: Allah övliyaları elmlərinin mərkəzində Quranı qərarlaşdıran şəxslərdir və Quran da onların vasitəsilə cəmiyyətdə yayılır.
Quranın cəmiyyətdə mövcudluğu, onun dərk edilməsi və ona əməl olunması mədrəsə və universitet alimlərinin, elmi xadimlərin səyi ilə həyata keçirilməlidir. Həmin alimlərin öz qiyamı və fəaliyyətləri də Quran əsasında olmalıdır. Ayətullah üzma Cavadi Amuli Quranın yalnız tilavət etmək və savab qazanmaq məqsədilə oxunan bir kitab olmadığını vurğulayaraq bildirib: Qurani-Kərim elmi tədqiqat kitabıdır. Bu kitab bizə dünyanın necə olduğunu, onu kimin yaratdığını və varlıq aləminin hansı əsaslar üzərində qurulduğunu öyrədir. Bu aləmin bütün zərrələri elm, dəqiq hesab və müəyyən qanunauyğunluqlar əsasında yaradılıb.
Bu nizamda heç bir şey səbəbsiz və elmi qanunauyğunluqdan kənar mövcud deyil. O, insanın elmləri varlıq aləmindən və yaradılış nizamından əldə etdiyini bildirərək qeyd edib: Kənd təsərrüfatı mühəndisi bilir ki, bir bağın bar verməsi üçün münasib torpaq, uyğun toxum, kifayət qədər su və zəruri şərait təmin edilməlidir. Bunlar olmadıqda, meyvə əldə etmək mümkün deyil. Hər bir ağacın özünəməxsus şəraiti və xüsusi inkişaf qanunauyğunluğu var. Bəşərin malik olduğu bütün elmlər uca Allahın insanın ixtiyarına verdiyi məhz bu varlıq aləmindən və onun nizamından qaynaqlanır. İnsan heç bir elmi özündən əldə etməyib və etmir. Əksinə, bütün elmləri varlıq aləmindən öyrənir. Deməli, dünya ilahi bir kitabdır.
Ayətullah üzma Cavadi Amuli çıxışının davamında alimlərin və elmi ictimaiyyətin Qurani-Kərimlə daha sıx ünsiyyətdə olmasının vacibliyini vurğulayaraq bildirib: Belə olmamalıdır ki, biz Quranı yalnız cümə axşamı gecəsinin savabını qazanmaq üçün oxuyaq. Quranla bağlı müntəzəm proqramımızın olması hamımızın vəzifəsidir. Təklifim budur ki, adi dərslərimiz olduğu kimi, hər birimiz Quranın bir xətmini mütaliə və müzakirə yolu ilə araşdıraq. Bunun üçün ilk mərhələdə dərhal dərin təfsirə başlamaq zəruri deyil. Əsas məsələ ayələrin ümumi məzmununu anlamaq, Quranın nə demək istədiyini dərk etməkdir. Daha dərindən anlamağa ehtiyac yarandıqda isə təfsir mənbələrinə müraciət etmək olar. Ayətullah üzma Cavadi Amuli “Təsnim” təfsirinin hazırlanmasında bir neçə tədqiqatçının elmi səylərinə toxunaraq bildirib: Bu əsər dini təhsil ocaqlarının səylərinin nəticəsidir və bir nəfərin şəxsi işi deyil. Əksinə, mədrəsədə təxminən qırx il ərzində aparılan fəaliyyətin və dörd elmi nəslin birgə əməyinin məhsuludur.
Hər bir nəsil təxminən on il ərzində öz elmi düşüncəsi, yanaşması, hövzə və universitet təcrübəsi ilə bu istiqamətdə çalışıb, suallar irəli sürüb və onlara cavab verib. Bütün bunlara baxmayaraq, yazılanlar Qurani-Kərimə nisbətdə yalnız bir damladır. Lakin əsas məsələ hamımızın Quran oxuyan və Quran tədqiqatçısı olmağımızdır.
Haqqın batil üzərində qələbəsi Qurani-Kərimin qəti vədidir
Ayətullah üzma Cavadi Amuli çıxışının digər hissəsində haqq və batilin qarşıdurmasında ilahi qanuna toxunaraq bildirib: Qurani-Kərim keçmişdə baş vermiş və hazırda davam edən hadisələrdə, haqq ilə batilin mübarizəsindən söz açdığı bütün məqamlarda bizə öyrədir ki, qələbə haqqın tərəfindədir. Batilin haqqa qarşı çıxaraq sonda qələbə qazanması mümkün deyil.
«لِیُحِقَّ الْحَقَّ وَیُبْطِلَ الْبَاطِلَ»
Yəni, haqqı bərqərar edərək batili aradan aparmaq lazımdır. Bu, yaradılış nizamının ümumi prinsipi və qəti hökmüdür. Ayətullah üzma Cavadi Amuli düşmənlərin hücumlarına, rəhbərin, alimlərin, eləcə də bir qrup insanın və bəsicilərin, xüsusilə Minab şəhərində məktəbli uşaqların şəhid edilməsinə toxunaraq bildirib: Hərçənd, xarici düşmən hücum edib, ziyan vurub və çoxsaylı insanları şəhid edib, lakin ilahi vəddən qafil olmaq olmaz. Amerika və İsrailin məğlubiyyəti qətidir. Quran haqq əhlinə buyurur ki, narahat olmayın. Haqq ilə batil arasında mübarizənin baş verdiyi hər bir yerdə haqq qalib gələcək. Bu, sadəcə olaraq, qeybə dair bir xəbər deyil, uca Allahın bu aləmdə müəyyən etdiyi ilahi sünnət və yaradılış qanunauyğunluğu haqqında verilən məlumatdır. Ayətullah üzma Cavadi Amuli vurğulayıb: Qurani-Kərimin bu məsələləri dönə-dönə bəyan etməkdə məqsədi iman əhlinin haqq ilə batilin mübarizəsində qorxuya və tərəddüdə qapılmamalı olduğunu dərk etməsidir. Haqqın qələbəsi Allahın qəti vədidir və İslamın, eləcə də müsəlmanların uğur qazanması qətidir.
İslam dini müdrik və uzaqgörən şəxsiyyətlər yetişdirən bir dindir
Ayətullah üzma Cavadi Amuli çıxışının davamında vətənin müdafiəsi və təcavüzkarlarla mübarizə ilə bağlı rəvayətlərə toxunaraq bildirib: İslamın əsas göstərişlərindən biri mərd, mübariz və şücaətli insanların yetişdirilməsidir. İslam insanları şücaət və mərdlik ruhunda tərbiyə edən bir dindir. Ayətullah üzma Cavadi Amuli İmam Baqirdən (ə) və İmam Sadiqdən (ə) İmam Əlinin (ə) vətənin müdafiəsi və təcavüzkarlarla mübarizə sahəsindəki həyat tərzi və mövqeyi haqqında nəql olunan rəvayətlərə işarə edərək deyib: Bu rəvayətlər namazın hökmləri və gündəlik məsələlərlə bağlı deyil. Əksinə, həmin rəvayətlərdə İmam Əlidən (ə) və onun hörmətli ulu babalarından nəql olunur ki, sənin torpağına və vətəninə hücum edən təcavüzkarın qarşısında qətiyyətlə dayanmaq lazımdır. Onlar buyururlar: Torpağınıza hücum edən bu təcavüzkarla, vətəninizə təcavüz etmiş Amerika və İsraillə mübarizə aparın və onları öldürün. Onun qanının məsuliyyətini mən öz üzərimə götürürəm! Ayətullah üzma Cavadi Amuli müdafiə mövqeyində daim ayıq-sayıq olmağın və hazırlıqlı qalmağın zərurətini izah edərək bildirib: İmam Əli (ə) məktublarının birində döyüşçülərə müraciətlə buyurur:
«وَ لَا تَذُوقُوا النَّوْمَ إِلَّا غِرَاراً أَوْ مَضْمَضَةً»
Yəni, zərurət yaranmadıqca, yalnız çox qısa müddətə və az miqdarda yatın. Necə ki, oruc tutan şəxs suyu ağzında qarqara edir, lakin onu udmamağa diqqət yetirir, döyüşçü də öz mövqeyini qoruyarkən və keşik çəkərkən qəflətə qapılmamalı, yuxuya təslim olmamalı, daim ayıq və sayıqlığını qorumalıdır. O, bu məsuliyyətin yalnız hərbi qüvvələrin və vəzifəli şəxslərin üzərinə düşmədiyini xüsusi vurğulayaraq bildirib: Hamımız məsuliyyət daşıyırıq və hər birimizin öz vəzifəsi var.
Bu sistemi qorumaq, cəmiyyətdə əxlaqı möhkəmləndirmək, iqtisadiyyatın inkişafına töhfə vermək, insanların ehtiyaclarını təmin etmək və işçilər üçün iş yerləri yaratmaq sahələrinin hər birində üzərimizə məsuliyyət düşür. Ayətullah üzma Cavadi Amuli İslam sisteminin izzət və qüdrətinin davamlı olacağına ümidvar olduğunu bildirərək deyib: Ümid edirik ki, bu sistem Quran və Əhli-beytin (ə) bərəkəti sayəsində layiqli və saleh bir şəkildə həzrət İmam Zamanın (ə.f) hüzuruna təhvil veriləcək, düşmənlərin düşmənçilikləri isə zillət və uğursuzluqla nəticələnəcəkdir. O, çıxışının sonunda cəmiyyətin və iştirakçıların izzət və başıucalığı üçün dua edərək uca Allahdan hamıya Quranın izzətini, əzəmətini və şan-şöhrətini nəsib etməsini, İnqilab və İslamın müdafiəsi uğrunda şəhid olanları Kərbəla şəhidləri ilə birlikdə məhşur etməsini diləyib.
Rəyiniz